9 mart 2006-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur.
2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanında 614 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına dövlət sifarişi əsasında qəbul olunmuşdur. Həmin ildə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmri ilə ümumi orta təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə “Gümüş nişan”la təltif edilmişdir.
Təhsil aldığı müddətdə elmi və ictimai fəaliyyətlə fəal məşğul olmuş, I kursdan etibarən könüllülük proqramlarına qoşulmuşdur. 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri, daha sonra isə universitet üzrə Tələbə Gənclər Təşkilatı sədrinin müavini seçilmişdir. 2025-ci ildən Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsini icra edir.
Sosial-ictimai fəaliyyətinə görə 2024-cü ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin TGT fəalı” nominasiyası üzrə mükafatlandırılmışdır. Həmçinin “Femida Könüllüləri” Təşkilatının Naxçıvan nümayəndəliyinin rəhbəri təyin olunmuş, 2025-ci ildə isə təşkilatın fəaliyyətindəki səmərəli roluna görə “İlin Femida Könüllüsü” adına layiq görülmüşdür.
Elmi və ictimai fəaliyyət sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə 2023, 2024 və 2025-ci illərdə ardıcıl olaraq “Heydər Əliyev” adına tələbə təqaüdünə layiq görülmüşdür. 2025-ci ildə isə universitet rektorunun müvafiq qərarı ilə “İlin Tədqiqatçı Tələbəsi” adına layiq görülmüşdür.
Yusif Mirzəzadə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluğu, Vəkillər Kollegiyası, Ədliyyə Nazirliyi, Gənclər Fondu və digər nüfuzlu qurumlar tərəfindən təşkil olunan müxtəlif konfrans, proqram və müsabiqələrdə Naxçıvan Muxtar Respublikasını və Naxçıvan Dövlət Universitetini uğurla təmsil etmişdir. O, 11-i beynəlxalq olmaqla 30-a yaxın diplom və sertifikatla təltif edilmişdir.
Gənc tədqiqatçı kimi 18 elmi və 35 ictimai-siyasi məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan və beynəlxalq indeksli jurnallarda, eləcə də Fransa, Yaponiya, Finlandiya, Türkiyə və Özbəkistanda keçirilmiş elmi konfransların materiallarında dərc olunmuşdur. İctimai-siyasi məqalələri isə AzərTAC, “Şərq qapısı”, “İki sahil”, “Yeni fikir” və digər nüfuzlu media orqanlarında yayımlanmışdır.
Hazırda Naxçıvan Dövlət Universitetinin “Tələbə Hüquq Jurnalı”nın baş redaktoru kimi fəaliyyət göstərir. Eyni zamanda universitetin Tələbə Elmi Cəmiyyətinin rəsmi veb-saytının yaradılmasının təşəbbüskarı olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.

