Gənclər siyasəti

Muxtar respublikada gənclər siyasəti uğurla icra olunur

 

  Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc kadrların hazırlanmasından, onların intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Ümummilli liderimiz Azərbaycan gəncliyinə müraciətlə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, inkişaf etdirənlərisiniz, biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan torpağını yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.

  Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərlə iş intensiv xarakter almış, bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sonrakı dövrlərdə də ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün ardıcıl tədbirlər görülmüş, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar qəbul edilmişdir. Bu gün ölkəmizdə gənclərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir.

  Dövlət gənclər siyasəti hazırda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Unutmamamaq lazımdır ki, müasir Azərbaycan gənci milli maraqlar uğrunda formalaşan, ölkəmizin bugünkü inkişafı və uğurlu gələcəyi üçün çalışan, elinə, obasına bağlı həmvətənlərimizin, ən əsası Vətənin bütövlüyü uğrunda sonadək mübarizə aparmaqla bizə qalib adını miras buraxan qəhrəmanların, “Dəmir yumruq”lu xalqın və onun liderinin davamçılarıdır.   

  Gənclər və idman siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir, dövlət proqramlarının icrası təmin edilir. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Nümunəvi və ­vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olunması, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda təbliği, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir.

  Muxtar respublikamızda gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzindədir. Son dövrlər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, stadionların, süni örtüklü mini futbol meydançalarının, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və idmanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, hər il idman infrastrukturu gücləndirilir, idman obyektləri zəruri avadanlıqlarla təchiz olunur, ümumtəhsil məktəblərinin nəzdində yaradılan idman klubların sayı artırılır, bu da muxtar respublikada yerli və beynəlxalq idman yarışlarının reallaşmasına, idman mütəxəssislərinin yetişdirilməsininə, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsinə, əhalinin, xüsusilə gənc nəslin daha geniş miqyasda idmana cəlbinə şərait yaradır.

  Bu gün muxtar respublikamızda gənclərinin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvər ruhda tərbiyə olunması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirak etmələri istiqamətində məqsədyönlü işlər görülür. Yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, tariximizin yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə daimi olaraq gənclərin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşləri təşkil olunur, gənclər arasında “Hədəf”  atış  təlimi, “Vətən naminə” və “Şahin”  hərbi-idman  oyunları,  milli motivli intellektual oyunlar keçirilir, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxslərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması məqsədi ilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur” adlı videoçarxlar hazırlanır və sosial şəbəkələrdə paylaşılır. Naxçıvan 2021-ci ildə ölkə gənclərinin iştirakı ilə keçirilən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə ilk dəfə olaraq ev sahibliyi etdi. Layihə tarixinin ən yaxşı təşkilatçılıq nümunəsi və təkmilləşdirilmiş konseptə çevrilən həmin mövsümdə 100 nəfər fəal gəncin iştirakı ilə tariximizin və milli mənəvi dəyərlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif ekskursiyalar, müzakirə və təqdimatlar, hərbi vətənpərvərlik mövzularını əks etdirən təlimlər, hərbi silah və texnikalarla tanışlıq, pilotların nümunəvi uçuşları, eləcə də əsgər və zabitlərimizin peşəkar döyüş təlimləri reallaşdı.

  Gənclərin şəxsi inkişafına nail olmaq məqsədilə mütəmadi olaraq şəhər və rayonlarda maliyyə savadlılığının artırılması, bank sektorunda çalışmaq şansı, eləcə də yeni karyera imkanları yaradan müxtəlif layihələr, motivasiya yönümlü təlimlər keçirilir, yaradıcı gənclərin aşkar edilməsi və onlara dəstək məqsədilə kurslar, rəsm, foto və teatr müsabiqələri təşkil olunur. “Nə? Harada? Nə zaman?” “Xəmsə”, “Vətəni tanı!” və “Axtar tap!” kimi intellektual oyunlarında fərqlənən komandaların ölkə səviyyəli bilik yarışlarında iştirakı təmin olunur. Asudə vaxtın səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində gənclərin yay və qış məktəbləri təşkil olunur, həmin düşərgələrdə və gənclərlə keçirilən digər görüşlər zamanı onların problem və təklifləri dinlənilir, məsələlərin həlli istiqamətində müvafiq işlər görülür.  

  Muxtar respublikanın turizm imkanlarının tanıdılması məqsədi ilə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan!”, gənclərin “Naxçıvanı tanıyaq!” devizi altında rayonlarda yerləşən muzeylərə, tarixi abidələrə və turizm məkanlarına ekskursiyaları, ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədi ilə “Gənclər ətraf mühitin çirklənməsinə  yox deyir!” devizi ilə davamlı olaraq təmizlik aksiyaları keçirilir.

   Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Gənclərimizin qarşısında idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyümək kimi müqəddəs vəzifələr durur.