Naxçıvan Muxtar Respublikasında idman siyasəti uğurla icra olunur
Qədim idman ənənələri ilə seçilən ölkəmizdə bu sahənin inkişaf strategiyasının təməli ümumilli lider Heydər Əliyev tərəfindən atılıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirildi. 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоydu. Həmin ilin 31 iyulunda hazırki ölkə başçısı İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişləndi, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməyə başlandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”. Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etdib. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.
Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına xüsusi qayğı göstərilir. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, Təlim-Məşq İdman Kompleksi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadionlar və süni örtüklü minifutbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və 1000-ə yaxın sadə tipli idman avadanlıqları mövcuddur. 2002-ci ildə boks, güləş, karate-do, şahmat, futbol, voleybol, basketbol, yüngül atletika, 2006-cı ildə paralimpiya, 2013-cü ildə atıcılıq, hava və ekstremal idman növləri, 2018-ci ildə kikboksinq üzrə idman federasiyaları yaradılıb.
Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. İdmançılarımız ölkə və beynəlxalq arenalarda keçirilən yarışlarda, irimiqyaslı və nüfuzlu çempionatlarda, turnirlərdə uğurla təmsil olunur, müxtəlif mükafatlara layiq görülürlər. İstedadlı idmançılara dövlət qayğısı göstərilir, il ərzində fərqlənən yeniyetmə və gənclərimiz mükafatlandırılırlar.
Ölkədə fəaliyyət göstərən aid təşkilatlarla birgə iş çərçivəsində əsasında təcrübəli idman mütəxəssisləri tərəfindən təlim, kurs və nümunəvi dərslərin təşkili, o cümlədən təmsilçilərimizin ölkəmizdə və xaricdə keçirilən bu tipli tədbirlərdə iştirak etməsi ilə təcrübə mübadiləsi və əməkdaşlıq işi davam etdirilir, müxtəlif idman növləri üzrə yeni bölmələrin yaradılması, ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın modernləşdirilməsi, bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və pullu xidmət növlərinin inkişaf etdirilməsi diqqətdə saxlanılır. Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərinə uyğun olaraq yeni istirahət parkları və yaşayış binalarının ərazisində sadə tipli idman qurğularının quraşdırılması, idmanda biznes mühitinin formalaşdırılması nəticəsində əhalinin idmana cəlbi daha kütləvi xarakter alıb.
Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. İdmanın müxtəlif növləri ilə məşğul olan qızların sayı ilbəil artmaqdadır. Belə ki, müxtəlif idman federasiyaları və təhsil müəssisələri üzrə qızlardan ibarət klublar yaradılıb, onların idman obyektlərindən istifadəsi təmin olunmuş, eyni zamanda qadınların məşqçilik və hakimlik fəaliyyətinə cəlbi davam etdirilir. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlbi, yarışlarda iştirakı və mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunur, bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclər üçün əhəmiyyəti barədə maarifləndirici tədbirlər keçirilir. Bununla yanaşı, Naxçıvan idmanında baş verən aktiv proseslər son illər yeni zərurətlərin yaranmasına səbəb olur. Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verildikdən sonra muxtar respublikada çimərlik futbolu və çimərlik voleybolu kimi mövsümi idman növləri yarandı, fitnes zallarının artımı ilə bir sıra idman növlərində canlanma başladı, muxtar respublikanın təbii-coğrafi relyefi və turizm imkanları sayəsində “skandinav yürüşçü”ləri formalaşdı, yamac paraşütü üzrə test uçuşları və yolsuzluq avtomobillərinin yürüşləri keçirildi. Beynəlxalq səviyyəli məşqçilik kurslarından etibarən Badminton idman növünün inkişafı üçün yeni imkanlar meydana çıxdı, “Araz – Naxçıvan” PFK-nın peşəkar liqada təmsil olunması və klubun akademiyasının fəaliyyətə başlaması uşaq futbolunun uğurlu gələcəyinə zəmin yaratdı. Muxtar respublikada şahmat üzrə “Naxçıvan Premium” turnirləri və ardıcıl iki ölkə çempionatının yüksək səviyyədə təşkil olunması ilə qazanılan etimad nəticəsində Ümumdünya Şahmat Federasiyası tərəfindən 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçirilməsi qərarlaşdırıldı bu mötəbər turnir uğurlu reallaşdı. Bunlar Naxçıvan idmanının illər keçdikcə yenilənməsini göstərən faktlardan bir neçəsidir.
Gələcəyimiz olan gənclərin fiziki və əqli cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi dövlət idman siyasəti çərçivəsində tələb və tapşırıqların icrasını diqqət mərkəzində saxlayaraq müvafiq sahənin davamlı inkişafı istiqamətində işləri davam etdirir.