Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba rayonu ərazisində "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Öncəkilərdən fərqli olaraq muxtar respublikamız ilk dəfə ölkə miqyaslı düşərgədə rekord heyətlə təmsil olunub. Belə ki, düşərgəyə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 3 nümayəndəsi və 60 gəncimiz qatılıb.
Proqrama uyğun olaraq iştirakçılar ilk gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını, o cümlədən ümummilli lider Heydər Əliyevin abidəsini və şəhid məzarlarını ziyarət edib, ehtiramlarını ifadə ediblər. Hərbi simulyativ formatda olan layihəyə əsasən ölkənin müxtəlif regionlarından olan 100 gəncin iştirakı ilə 3 gün müddətində müxtəlif təlimlər, idman yarışları, nəzəri və praktiki tapşırıqların icrası, Vətən müharibəsi iştirakçıları ilə görüşlər və hərb oyunları keçirilib.
Gənclərə vətənpərvərlik ruhunun aşılanması və şanlı Zəfər tariximizin təbliğinə xidmət edən düşərgədə iştirakçılar komandalara bölünərək qələbə uğrunda mübarizə aparıblar. İlk üç yerin sahibi olan heyətlər və fəal iştirakçılar kubok, sertifikat və hədiyyələrlə mükafatlandırıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti