İlk dəfə iştirak etdiyi ölkə çempionatının mükafatçısı oldu

 

Kikboksinq üzrə XXVII Azərbaycan çempionatı və birinciliyi keçirilib. Bakı İdman Sarayında reallaşan və üç gün davam edən yarış kadetlər (2010-2014-cü il təvəllüdlülər) və böyükləri (18-40 yaş) əhatə edib. Medallar uğrunda mübarizədə Azərbaycan Kikboksinq Federasiyanın üzvü olan klub və filiallardan ümumilikdə 700-ə yaxın idmançı iştirak edib. Lou-kik versiyasının qaydaları üzrə keçirilən görüşlərin A və B qrupları üzrə qalibləri finala vəsiqə qazanıb, qrup ikinciləri isə üçüncü yerə layiq görülüblər.

Naxçıvan Kikboksinq Federasiyasının 4 idmançısı ölkə çempionatında iştirak edib. Onlardan yalnız Aysu Həşimova mükafatçılar sırasına düşə bilib. Qadınlar arasında 60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz üçüncü yerə sahib çıxıb. Bu nəticə ilə Aysu ilk dəfə iştirak etdiyi ölkə çempionatını bürünc medalla tamamlayıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti