Şərurda gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi ilə bağlı maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan tədbir gənclərin sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı məlumatlılığını artırmaq, biznes ideyalarının gerçəkləşməsinə dəstək vermək məqsədlərinə xidmət edib.
Şərur Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə əvvəlcə nazirliyin əməkdaşı Valeh Mahmudov və İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov tədbirin məqsəd və əhəmiyyəti barədə danışıblar.
Sonra Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nümayəndəsi Səhhət Abbasov və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Xaliq Abbasov çıxış edərək sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısı barədə danışıblar. Qeyd olunub ki, ötən dövr ərzində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul edilmiş, “bir pəncərə” prinsipinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi tətbiq olunan güzəştlərdəndir.
Gənclər müvafiq sahələrdəki mövcud imkanlar və perspektivlərlə bağlı ətraflı şəkildə məlumatlandırıldıqdan sonra tədbir diskussiyya formatında davam edib. İştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, məsul əməkdaşlar gənclərın suallarını cavablandırıb, öz tövsiyələrini diqqətə çatdırıblar.