Şərurda vətəndaşların müraciətlərinə baxılıb

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yanvarın 15-dən etibarən bölgələrdə vətəndaşlarla görüşlər keçirilir. Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Kəngərli, Babək, Sədərək, Şahbuz və Culfadan sonra bu dəfə Şərur sakinləri ilə görüşüb. Görüşdə nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin rəisi iştirak ediblər.

 Qəbul üçün müraciət etmiş vətəndaşların təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, futbol yarışlarının keçirilməsi, mərkəzi stadionun və Uşaq-gənclər idman məktəbinin təmiri, inventarlarla təminatı, güləş və boks bölmələrinin fəaliyyətinə dəstəyin artırılması və digər məsələləri əhatə edib. Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, bəzi məsələlərin həlli yönündə maarifləndirici söhbətlər aparılıb, tövsiyələr verilib.

Qeyd edək ki, vətəndaş qəbulu çərçivəsində Nazirliyin rəhbər və nümayəndə heyətinin növbəti səfəri yanvarın 31-də Ordubad rayonuna olacaq.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti