"Koreya - Azərbaycan gənclərinin beynəlxalq mübadilə proqramı" çərçivəsində Azərbaycan nümayəndə heyəti Koreyada səfərdə olub. Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov da olub. Proqramın məqsədi iki ölkə arasında gənclər sahəsində səmərəli əməkdaşlığı təmin etmək, gənclər siyasəti və gənclərlə iş mövzusunda təcrübə mübadiləsi aparmaq, hər iki ölkə mədəniyyətinin yaxından tanınmasına imkan yaratmaqdan ibarət olub.
Azərbaycan nümayəndə heyəti Seul şəhərinə səfər çərçivəsində ölkəmizin Koreyadakı səfiri Ramin Həsənov ilə görüşüb.
Proqramın yekununda Gender Bərabərliyi və Ailə Nazirliyini və nazirliyin tabeliyindəki Gənclərlə iş üzrə Agentliyinin rəsmiləri ilə görüş keçirilib. Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, müxtəlif sahələr üzrə fəaliyyət və layihələr barədə məlumat verib. Gender Bərabərliyi və Ailə Nazirliyinin şöbə müdirinin müavini Donq Hun Koreyada gənclərlə iş sahəsində atılan addımlar barədə məlumat verib, mübadilə proqramının ən yaxşı təcrübələrin öyrənilməsi baxımından faydalı olduğunu diqqətə çatdırıb.