Naxçıvan Muxtar Respublikası ərazisində cəmiyyət üçün aktual olan mövzular üzrə məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə aprel ayında da müxtəlif tədbirlər təşkil olunub. Aidiyyəti qurum nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda təşkil olunan tədbirlərdə sosial, hüquqi və ictimai məsələlərə dair çıxışlar edilib, iştirakçılar maarifləndirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları tədbirlərdə fəal iştirak ediblər.
Culfa şəhərində “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə vətənpərvərlik tərbiyəsi, vətəndaşların hüquq və vəzifələri, həmçinin konstitusion məsuliyyət məsələlərinə toxunulub.
Ordubad şəhərində təşkil olunan “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbirdə narkomaniyanın fəsadları, onunla mübarizə istiqamətləri və profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Şahbuz rayonunda keçirilən “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbirdə isə ailə münasibətlərində hüquqi məsələlər, zorakılıq hallarının qarşısının alınması və profilaktik tədbirlər müzakirə olunub.
