Türkiyənin Trabzon şəhərində 46-cı Beynəlxalq Trabzon Yarı Marafonu (21 km) təşkil olunub. Türkiyə Cümhuriyyətin 100-cü ildönümünə həsr olunan kütləvi idman tədbirinə iki mindən çox insan qatılıb. Marafon çərçivəsində 10K, 21K və xalq qaçışı yarışları keçirilib.
Naxçıvan Muxtar Respublikasından yarı marafona qatılan atlet Əmrah Nağıyev ölkəmizi 10K yarışında (10 kilometr) təmsil edib. Təmsilçimiz finiş xəttini 37 dəqiqə 50 saniyəyə keçərək yarışı kişilər (18-34 yaş) arasında 12-ci pillədə başa vurub.
Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Türkiyənin bir çox regionlarında, o cümlədən Azərbaycan və Gürcüstanda təşkil olunan beynəlxalq marafonların daimi iştirakçısıdır.