“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar olaraq gənclər üçün Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi gəncləri Naxçıvanın zəngin memarlıq irsi, qədim dövlətçilik ənənələri və tarixi abidələri ilə yaxından tanış etmək olub.
Tədbir zamanı iştirakçılara kompleksin tərkibinə daxil olan muzeylər, burada qorunan eksponatlar və onların elmi-tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzey kompleksində nümayiş etdirilən eksponatların böyük hissəsi Azərbaycanın, o cümlədən Naxçıvanın qədim və orta əsrlər, eləcə də xanlıqlar dövrü tarixinin öyrənilməsi baxımından mühüm mənbə hesab olunur. Kompleks həm mədəniyyət ocağı, həm də nadir memarlıq nümunələrinin cəmləşdiyi tarixi məkan kimi xüsusi əhəmiyyət daşıyır.
Ekskursiya çərçivəsində gənclər Möminə Xatın türbəsi, Naxçıvan xanlarının iqamətgahı olan Xan sarayı, eləcə də Əcəmi seyrəngahında yerləşən digər tarixi abidələrlə tanış olublar.
