“Gənclərin Şəxsi İnkişaf Həftəsi”ndə motivasiya təlimi

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” PHŞ tərəfindən birgə icra olunan “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramı çərçivəsində təşkil olunan növbəti tədbirdə gənclərə motivasiyanın önəmi və bu yönə düzgün fokuslanma ilə bağlı əhəmiyyətli bilgilər ötürülüb.
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova könüllü gənclər üçün “Motivasiya – uğura gedən yol!” mövzusunda təlim keçib.
Naxçıvan şəhərində təşkil olunan təlimdə motivasiyanın şəxsi inkişaf və karyera yolundakı əhəmiyyəti, pozitiv həyat tərzi və uğur strategiyaları barədə fikirlər diqqətə çatdırılıb. İştirakçıların motivasiya ilə bağlı yanaşmasını öyrənmək və onlara komanda ruhu aşılamaq üçün sorğu aparılıb, kollektiv iş, kreativ düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirən oyun təşkil olunub. Gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, təlim proqramının davamında gəncləri layihələrin idarə edilməsi və sosial şəbəkələrdə brendinqlə bağlı təlimlər gözləyir.