Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib. 100-dən çox gəncin iştirak etdiyi tədbir gənclərdə hüquqi savadlılıq, vətəndaşlıq məsuliyyəti və milli dəyərlərə bağlılığın artırılması məqsədi daşıyıb.
“Təhsil və İnnovasiya: Gənclərin karyera inkişafında yeni perspektivlər” mövzusunda panel müzakirəsində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov da spiker qismində çıxış edib, digər aidiyyəti qurumların rəhbərləri ilə bigə fikir mübadiləsi aparıblar. Rəsmilər çıxışlarında təhsil və innovasiyanın gənclərin peşəkar inkişafındakı əhəmiyyətini vurğulayıb, muxtar respublikada həyata keçirilən layihələrin bu sahədə yaratdığı imkanları diqqətə çatdırıb və gənclərin karyera inkişafında qarşıya qoyulan əsaslı çağırışlardan bəhs ediblər.
Daha sonra mövzu üzrə sual-cavab sessiyası keçirilib. Gənclər onları maraqlandıran mövzularda suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
Sonda Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən tədbirdən xatirə olaraq tərəfdaşlara hədiyyə təqdim olunub, foto çəkilib.