Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə muxtar respublikada ilk dəfə olaraq “Gimnastika hamı üçün” festivalı keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, nazirliklərinin və Naxçıvan Atletika Federasiyasının birgə təşkil etdiyi festivala şəhər və rayonlardan 8 komanda qatılıb. Ümumilikdə 100-ə yaxın gimnast fərdi və qrup halında bədii kompozisiyalarla, muxtəlif rəqs nömrələri ilə tamaşaçıların qarşısında çıxış edib.
Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Əziz xatirəsi festivalın keçirildiyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, təhsil naziri, federasiyanın sədri Rəhman Məmmədovun da iştirak etdiyi festivalda qeyd olunub ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, onların sağlam, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli lider Heydər Əliyevin daim diqqətində olub. Əsası ulu öndər tərəfindən qoyulan bu milli strategiya Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlbi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bədii gimnastikanın inkişafından bəhs olunaraq bildirilib ki, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünə göstərdiyi diqqət və qayğı sayəsində bədii gimnastika yüksək inkişaf dövrünü yaşayır. Qeyd olunub ki, federasiyanın tərkibində fəaliyyət göstərən bədii gimnastika bölməsi yaradılanda tərkibindəki say tərkibi 70 idisə, hazırda əhatə dairəsi daha da genişləndirilib. Belə ki, bölmənin şəhər və rayonlardakı 14 qrupunda ümumilikdə 300-dən artıq uşaq gimnastikanın sirlərinə yiyələnir.
Gimnastikanın inkişafı istiqamətində həyata keçirilən işlər və qazanılan nailiyyətlər barədə məlumatlar tamaşaçıların diqqətinə çatdırılıb. Sonra festival çərçivəsində nümunəvi çıxışlar izlənilib. “Gimnastika hamı üçün” üzrə milli komandanın üzvü, bədii gimnastika bölməsinin baş məşqçisi, İdman ustası Humay Qafarova və tərəf müqavili Günəş Hüseynovanın birgə rəqsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və “Əlvan çiçəklər” rəqs qrupu festivalda konsert proqramı ilə çıxış edib.
Nəticələrə gəlincə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Parlayan ulduzlar” və Naxçıvan Şəhər Uşaq Gənclər-İdman Məktəbinin “Xatun” komandaları birinci yerə layiq görülüb. Şərur Rayon Uşaq Gənclər-İdman Məktəbinin “Sehirli ulduzlar” komandası ikinci, Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbinin “Ay işığı” komandası isə üçüncü olub.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Ramil Hacı, təhsil naziri, federasiyanın sədri Rəhman Məmmədov nümunəvi çıxışlarına görə gimnastları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Qalib komanda kubokla mükafatlandırılıb. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, fəxri fərman və medallar, məşqçilərə təşəkkürnamələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti