“Qayıdış: Qərbi Azərbaycan” – gənclər üçün seminar

Qərbi Azərbaycanla bağlı həqiqətlər gənc nəsilə təbliğ olunur. Naxçıvan Muxtar Respublikasında ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Qayıdış: Qərbi Azərbaycan” mövzusunda növbəti seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva qeyd edib ki, ölkəmizin regionda yaratdığı yeni reallıqlar əsasında Qərbi Azərbaycanla bağlı atılan addımlar oradan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpa edilməsinə hesablanıb. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində ciddi işlər gedir və bu prosesdə gənclərin informasiya bazasının genişləndirilməsi önəmli məsələdir.

Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova və tarix üzrə fəsəfə doktoru, dosent Asəf Orucov mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçılara bu sahədə aparılan tədqiqatlar, görülən işlər və gələcək perspektivlər haqqında məlumat verib. Qeyd olunub ki, xalqımız ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlardan böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Buradakı türk-müsəlman abidələrinin çox böyük bir hissəsi məhv edilib, yerdə qalanları isə saxtakarlıqla özününküləşdirilib. Bütün bu haqsızlığa rəğmən müasir Azərbaycan dövləti tərəfindən soydaşlarımızın hüquqlarını bərpa etmək üçün Qayıdış Konsepsiyasının uğurla həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır.

Tədbir diskussiya formatında davam edib.

Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tədbirin məqsədi tarixi Azərbaycan torpaqlarının tədqiqi və qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətlərində görülən işlərdən gəncləri xəbərdar etmək, bu müstəvidəki həqiqətlərin təbliğində onların roluna zəmin yaratmaqdan ibarət olub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti