“Səyyar Gənclər Evi” Şərur rayonunun Gümüşlü kəndində

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Evi” layihəsinin növbəti tədbiri Şərur rayonunun Gümüşlü kəndində keçirilib. Tədbirdə Gümüşlü, Yuxarı Yaycı, Aşağı Yaycı və Şahbulaq kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirin açılışında Nazirliyin əməkdaşı Valeh Mahmudov çıxış edərək layihənin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, layihə çərçivəsində rayon mərkəzindən uzaq kənd və yaşayış məntəqələrində gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual və şəxsi inkişafının, eləcə də sosial fəallığının dəstəklənməsi istiqamətində tədbirlər keçirilir. Layihənin Şərur rayonunda təşkilinin vətəndaş qəbulu zamanı səsləndirilən müraciətlə əlaqədar olduğu, gənclərin ehtiyac və maraqlarına uyğun təşəbbüslərin həyata keçirilməsinin diqqətdə saxlanıldığı bildirilib.

Açılışda rayon təhsil şöbəsinin əməkdaşı Ədalət Əhmədov da çıxış edərək gənclərin hərtərəfli inkişafında təhsillə yanaşı, onların ictimai fəallığının, dünyagörüşünün və komanda bacarıqlarının formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra psixoloq Ayxan Hüseynli tərəfindən iştirakçılar üçün komanda quruculuğuna həsr olunmuş təlim keçirilib. Təlimin ardından komandalar “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı!”, yaddaş və müxtəlif əyləncəli idman oyunlarında öz bilik və bacarıqlarını sınayıblar.

Yarışların yekunlarına əsasən, I yerə Şahbulaq kənd tam orta məktəbinin “Turan” komandası, II yerə Aşağı Yaycı kənd tam orta məktəbinin “Ulduzlar” komandası, III yerə isə Gümüşlü kənd tam orta məktəbinin “Gümüşlü Company” komandası layiq görülüb.

Sonda qalib komandalar və yarışlarda fərqlənən iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.