Babək rayonunun Xəlilli kənd tam orta məktəbində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə erkən nikah və qohum evliliklərinin fəsadlarına həsr olunmuş “Sağlam ailə, sağlam gələcək” adlı seminar keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tədbirdə ailə dəyərləri, erkən nikahın yaratdığı sosial və psixoloji problemlər, evlilik öncəsi zəruri tibbi müayinələr və sağlam həyat tərzi ilə bağlı maarifləndirici məlumatlar təqdim edilib.
Nazirliyin əməkdaşı Azadə Əliyeva və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Şirzadov çıxış edərək Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sağlam ailə modelinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Sonra Ailə Sağlamlıq Mərkəzinin direktoru, həkim Cəmilə Həsənova və psixoloq Ayxan Hüseynli erkən nikah və qohum evliliklərinin tibbi, psixoloji və sosial fəsadları barədə iştirakçıları məlumatlandırıblar. Çıxışlarda sağlam ailənin formalaşmasında qarşılıqlı anlayışın, düzgün qərarvermənin və maariflənmənin vacibliyi vurğulanıb.
Tədbirdə mövzuya uyğun videoçarx nümayiş etdirilib, daha sonra diskussiya formatında davam edən görüşdə şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.