“Vətəni tanı!” intellektual oyunu keçirilib

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə məhdud fiziki imkanlı yeniyetmə və gənclər arasında “Vətəni tanı!” intellektual oyunu keçirilib.

Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan yarışda iştirakçılar Azərbaycanın inzibati ərazi vahidlərini pazl formasında hazırlanmış xəritə üzərində düzgün yerləşdirərək vahid Azərbaycan xəritəsini ən qısa zamanda və səhvsiz şəkildə tamamlamaq uğrunda mübarizə aparıblar. Yarış iştirakçıların coğrafi biliklərini, məntiqi düşünmə bacarıqlarını və çevik qərarvermə qabiliyyətini nümayiş etdirmələrinə imkan yaradıb.

İntellektual oyunun keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların intellektual potensialının inkişafına töhfə vermək, asudə vaxtlarının səmərəli təşkilini təşviq etmək, eyni zamanda Beynəlxalq Gənclər Gününü maarifləndirici və vətənpərvərlik ruhunda qeyd etmək olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda hər iki yaş kateqoriyası üzrə Məmmədova Sadəgül və Nağıyeva Züleyxa I yerə layiq görülüblər. Abdullayeva Türkan və Musayev Hüseyn II yeri, Novruzova Zəhra və Hüseynov Elmin isə III yeri tutublar.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə, digər iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.