“Yaşıl dünya könüllüləri” mükafatlandırılıb

"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər (ETSN), Gənclər və İdman nazirliklərinin birgə həyata keçirdiyi "Yaşıl dünya könüllüləri” proqramının birinci mərhələsinə yekun vurulub. Bununla bağlı qurum rəhbərlərinin iştirakı ilə ETSN-də hesabat tədbiri keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Məlumat verilib ki, bu il martın 13-dən fəaliyyətə başlayan könüllü qrupu ötən dövr ərzində muxtar respublikada keçirilən elmi-praktiki konfranslarda, “1 günə 100 min ağac ək”, “Tullantıları tingə dəyiş”, bir sıra sərgi, ağacəkmə və ekoloji təmizlik aksiyalarında, “Əkinçi bağı”nın salınmasında, ekoloji təqvim günlərinin qeyd edilməsi ilə bağlı tədbirlərdə iştirak ediblər. “Yaşıl dünya könüllüləri”nin həmrəylik yürüşü ilə cəmiyyətə ətraf mühitin mühafizəsi və ekosistemlə bağlı bilgilər, sosial mesajlar ötürülüb. Könüllülər hazırladıqları müxtəlif məzmunlu qrafik posterlər sosial şəbəkə hesablarında yayımlanmaqla təbliğat və məlumatlandırma işini virtual aləmdə də icra ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev ölkə başçısının rəhbərliyi altında “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə COP29 ilə bağlı ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb, ekosistemin qorunmasında, bu sahədə aparılan təbliğat işlərində gənclərin rolundan bəhs ediblər. Qurum rəhbərləri könüllülük proqramı çərçivəsində gənclərin səmərəli fəaliyyətindən söz açıb, onlara uğurlar arzulayıblar.
Dəyirmi masa formatında keçirilən tədbirdə “Ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinə dəstək” İctimai Birliyininin üzvlərinin və könüllülərin təklifləri, fikirləri dinlənilib. Rəsmilər onlara ünvanlanan suallara və müzakirəyə çıxarılan məsələlərə münasibətini bildirib. Müəyyən təkliflər yerində dəyərləndirilib, digərləri təhlil aparılması məqsədilə qeydə alınıb.
Sonda bir sıra tədbirlərin təşkilində göstərdiyi əməkdaşlığa görə ictimai biriliyin üzvlərinə təşəkkürnamə, könüllülərə isə sertifikat təqdim edilib. Könüllülük proqramına qoşulan gənclərin qalan qismi isə ilin yekun hesabat tədbirində mükafatlandırılacaqdır.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti