“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Zəfər Hekayələri” layihəsinin açılış mərasimi keçirilib.
Tədbir dekabrın 25-də Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunub. Layihənin rəhbəri institutun məzunu Mehrəliyeva Bahar Famil qızıdır.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının nümayəndələri, şəhid ailələri və qazilərlə bağlı ictimai birliklərin sədrləri, institutun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də 25 dekabr 2024-cü il tarixində Bakı–Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxışında layihənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi məsuliyyət hissinin gücləndirilməsinə xidmət etdiyini bildirib. O qeyd edib ki, şəhidlərin həyat yolunun yazıya alınması həm mənəvi borc, həm də tarixi missiyadır.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən Məcid Seyidov layihənin gənclərin sosial, intellektual və milli-mənəvi inkişafına mühüm töhfə verdiyini vurğulayıb, nazirliyin bu cür təşəbbüsləri daim dəstəklədiyini diqqətə çatdırıb.
Şəhid Amin Gülməmmədovun atası, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov gənclər tərəfindən şəhidlərin həyat hekayələrinin araşdırılmasını və yazıya alınmasını yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov layihənin məqsəd və gözlənilən nəticələri barədə məlumat verərək, gənclərdə sosial həssaslıq, empatiya və milli məsuliyyət bacarıqlarının formalaşdırılmasının əsas prioritetlərdən olduğunu bildirib.
Layihə rəhbəri Bahar Mehrəliyeva çıxışında qeyd edib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının 7 rayon və şəhərində yaşayan təxminən 150 şəhid ailəsi ilə görüşlər keçiriləcək, şəhidlərin həyat və qəhrəmanlıq hekayələri gənclər tərəfindən sənədləşdiriləcək. Toplanan materiallar əsasında hazırlanacaq kitab layihənin sonunda “Zəfər Qalereyası” adlı tədbirdə ictimaiyyətə təqdim olunacaq.
Tədbirin sonunda Qarabağda tarix yazmış qəhrəmanlara həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra mütəxəssislər tərəfindən gənclər üçün müsahibə aparma, hekayə yazma və şəhid ailələri ilə həssas və etik ünsiyyət bacarıqlarına dair təlimlər keçirilib. Təlimlərin yekununda layihənin əsas icraçı qrupu formalaşdırılıb.
Qeyd edək ki, “Zəfər Hekayələri” layihəsinin əsas məqsədi şəhidlərin həyat yolunu sənədləşdirərək gənclərin milli-mənəvi dəyərlərə sadiq, sosial məsuliyyətli və dövlətçilik ruhunu dərindən anlayan vətəndaşlar kimi formalaşmasına töhfə verməkdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidməti.