“Zəfərin şahidləri” layihəsi çərçivəsində növbəti görüşlər təşkil olunub

Naxçıvanda 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq “Zəfərin şahidləri” layihəsinin icrası davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə layihə çərçivəsində Naxçıvan şəhər 9 və 10 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad ediblər. Təşkilatçı qurumların əməkdaşları çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə danışıb, Azərbaycan Ordusunun tarixi Qələbəsinin gənclərin vətənpərvərlik tərbiyəsinə mühüm töhfə olduğu vurğulanıb. 

Vətən müharibəsi iştirakçılarından Əlahiddə Ümumqoşun Ordunun zabitləri kapitan Fərhad Quliyev, mayor Zeynal Zeynalzadə, baş leytenant Elmir Yunusov və baş leytenant Toğrul Lətifzadə öz döyüş xatirələrini bölüşüb, Ordumuzun yüksək döyüş hazırlığı, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar və şəhidlərimizin şücaətindən danışıb, şagirdləri maraqlandıran sualları cavablandırıblar. 10 nömrəli məktəbdə keçirilən görüşdə iştirak edən şəhid Şamil Babayevin yaxını Gülşən Məmmədova bu cür tədbirlərin təşkilini şəhidlərin xatirəsinə ehtiram kimi qiymətləndirib, davamlı olmasını arzulayıb.