44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Zəfərin şahidləri” layihəsinin icrası yekunlaşıb.
Layihənin sonuncu mərhələsi 7 və 17 nömrəli tam orta məktəblərdə davam etdirilib. Bu mərhələlərdə mayor Seymur Verdiyev, kapitan Elmar Məmmədov, kapitan Fərmail Həsənəliyev, baş leytenant Famil Seyidalıyev və MAXEHQ Əyyub Sadıxov məktəblilərlə görüşərək öz döyüş xatirələrini bölüşüb, gənc nəslə şəhidlərimizin timsalında qəhrəmanlıq və vətənə sədaqət nümunələri haqqında danışıblar.
Noyabrın 6-da layihənin yekun tədbiri Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Xarıbülbülün Nəfəsi – Zəfərin sədası” adlı tədbirlə qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra təşkilatçı qurumların nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın birliyini və dövlətimizin qüdrətini nümayiş etdirdiyini, bu Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş milli qürur və qəhrəmanlıq simvoluna çevrildiyini vurğulayıblar.
Tədbirdə, həmçinin şəhid Seyidov Nihat Mehman oğlunun anası İlhamə Seyidova çıxış edərək oğlunun və bütün şəhidlərin göstərdiyi igidliklə fəxr etdiyini, bu cür layihələrin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib.
Tədbirdə tarixi qələbəmizlə bağlı videoçarx nümayiş olunub, məktəbin kollektivi tərəfindən Vətən müharibəsinə həsr olunmuş bədii kompozisiya, şeir və mahnılar təqdim olunub.
Beləliklə, “Zəfərin şahidləri” layihəsi Naxçıvan şəhərində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərini əhatə etməklə uğurla başa çatıb. Layihə Vətən müharibəsi iştirakçılarının nümunəsində gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və tarixi Zəfərin 5-ci ildönümünün qeyd olunması məqsədilə təşkil olunub.