Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparıblar. Atletlər uzunluğa tullanma, hündürlüyə tullanma, qaçış, maneəli qaçış, estafet qaçışı, nüvə itələmə, disk atma və nizəatma yarışlarında mübarizə aparıblar.
Naxçıvan Atletika Federasiyasının yarışa qatılan 5 idmançısından ikisi – istedadlı atletlərimiz Aysu Abbasova və Əmrah Nağıyev gözləntiləri doğruldaraq mükafatçılar sırasına düşməyi bacarıblar.
Əmrah 1500 metr və 3000 metr məsafələr üzrə ikinci olub. Cəmi 14 yaşı olmasına baxmayaraq böyüklərlə mübarizədən çəkinməyən Aysu isə 1500 metr məsafədə üçüncü, 3000 metr məsafədə ikinci yerə sahib çıxıb. Nəticədə Naxçıvan təmsilçiləri yarışı ümumilikdə gümüş və bürünc medalla tamamlayıb.
Qeyd edək ki, 2023-cü ildə göstərdiyi nəticələr və gələcək perspektivləri nəzərə alınmaqla atletlərimiz Aysu Abbasovaya (2 qızıl, 5 gümüş və 3 bürünc) və Onur Bayramova (1 gümüş) Azərbaycan Atletika Federasiyasının fərdi təqaüdü təyin olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti