Babək şəhərində gənclərin şəhid ailələri ilə görüşü təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı, Babək Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Babək şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. Görüş çərçivəsində iştirakçılar şəhidlərimiz Telmanlı Allahyar Elman oğlu, Niftəliyev Ümüd Oruc oğlu və Teymurov Elvin Mustafa oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, şəhidlərimizin həyatı, döyüş yolu və göstərdikləri şücaət barədə məlumatlandırılıblar.

Tədbir iştirakçıları vətənpərvər övladlar yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını ifadə ediblər. İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif olunduqları orden və medallar barədə ətraflı məlumat verilib. Ailə üzvləri onların şəxsi keyfiyyətləri ilə bağlı xatirələrini bölüşüb, gənclər isə şəhidlərə həsr olunmuş xatirə guşələri ilə tanış olublar.