Beynəlxalq turnirə yekun vurulub

Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of nature” adlı beynəlxalq turnirdə idmançıların çıxışları yekunlaşıb.

Mükafatçılar yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşib. Mükafatlandırma mərasimində Naxçıvan Muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov və təşkilatçı qurumların nümayəndələri tərəfindən ilk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan yarış 2008-2017-ci il təvəllüdlü gimnastları əhatə edib. İki gün davam edəm turnirdə Azərbaycan və Qazaxıstanın 250-ə yaxın gimnastı medallar uğrunda mübarizə aparıb. Paytaxt idmançıları ilə yanaşı,  Naxçıvan Muxtar Respublikası, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən gimnaslar da yarış həyəcanı yaşayıb. İdmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış ediblər.

 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti