Beynəlxalq turnirin açılış mərasimi keçirilib

 

Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of nature” adlı beynəlxalq turnirə bu gün start verilib.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Naxçıvan Muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov və təşkilatçı qurumların nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin şəhərin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin rəsmi açılış mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Turnirdə iştirak edən komandaların keçidi olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan yarış 2008-2017-ci il təvəllüdlü gimnastları əhatə edir. Sabah yekunlaşacaq turnirdə Azərbaycan və Qazaxıstan idmançıları olmaqla ümumilikdə 250-ə yaxın gimnast medallar uğrunda mübarizə aparır. Artıq 2011-2017-ci il təvəllüdlü gimnastlar müvafiq qruplar üzrə qeydə alınmış nəticələr əsasında mükafatlandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti