Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və qurumun könüllü qrupu arasında görüş təşkil olunub. YAP Naxçıvan Şəhər Təşkilatında reallaşan tədbirin məqsədi “NAXGİN” könüllü qrupunun cari ildəki fəaliyyətini qiymətləndirmək, görülmüş işlər və yeni planları gözdən keçirməklə birgə müzakirələr aparmaq olub.
Tədbiri giriş sözü ilə açan nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva Prezident İlham Əliyevin dəstəyi ilə könüllülük sahəsində atılan genişmiqyaslı işlərin nəticəsi olaraq ölkəmizdə bu nəcib fəaliyyətin hərəkat halına çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, könüllülük təkcə ictimai fəaliyyət deyil, həm də vətəndaş məsuliyyətini formalaşdıran, gənclərin liderlik və sosial bacarıqlarını inkişaf etdirən mühüm bir məktəbdir. O, həmçinin vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında könüllülük hərəkatı artıq sistemli və davamlı bir platformaya çevrilib. Könüllülər sosial layihələr, ekoloji təşəbbüslər, idman və mədəni tədbirlərdə fəallıq göstərməklə yanaşı, gənclər siyasətinin yerli səviyyədə uğurlu icrasına töhfə verirlər.
İl ərzindəki aktiv fəaliyyətinə görə könüllülərə təşəkkür ifadə olunub. Görüş zamanı gənclər öz təklif və fikirlərini bölüşüb, göstərilən dəstəyə görə təşəkkürlərini ifadə ediblər.
Sonda 2025-ci ilin cari dövründə fəallıq göstərən könüllülərə sertifikat təqdim olunub.