Cüdo üzrə Naxçıvan birinciliyi keçirilib

Noyabrın 1-də Naxçıvan şəhərində Zəfər Gününə həsr olunmuş U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutan yarışda şəhər və rayon komandalarından ümumilikdə 83 idmançı iştirak edib.
Yarış ölkə birinciliyinə seçim xarakteri daşıyıb. ACF-in Naxçıvana səfər etmiş hakim heyəti qarşılaşmaların idarəçiliyini həyata keçirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin sonunda qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.
Yarışın nəticələrinə əsasən 14 yaşadək oğlanlar arasında Yusif Əhmədli (−38 kq), Davud Məmmədzadə (−42 kq), Rauf Hacızadə (−46 kq), Kamil Məmmədov (−50 kq), Mehdi Yaqublu (−55 kq) və İsmayıl Şükürlü (−60 kq) öz çəki dərəcələrində birinci yeri tutublar. Qızlar arasında isə Ləman Bağırova (−36 kq) birinci yerə sahib olub. U-17 yaş kateqoriyasında keçirilən yarışlarda isə Fuad Cəlilzadə (−50 kq), Elvin Cəfərli (−55 kq), Fərda Cəlilzadə (−60 kq), Sadiq Rzazadə (−66 kq) və Arif Cabbarov (−73 kq) öz çəkilərində qalib olublar.
Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular arasında bazanı formalaşdırmaq, ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək və U-17 kateqoriyasında milli komandanın heyətinə seçim üçün reytinq xalları qazandırmaq olub.