Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə vətəndaşlarla görüşlər davam etdirilir. Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Kəngərli, Babək, Sədərək və Şahbuz rayonlarının ardından bu dəfə Culfa sakinləri ilə görüşüb. Culfa Rayon İcra Hakimiyyətinin iclas zalında reallaşan görüşdə İcra Hakimiyyəti başçısının müavini, icra başçısı vəzifələrini icra edən Sara Hüseynova, nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin rəisi iştirak ediblər.
Qəbul üçün müraciət etmiş vətəndaşların təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, vətəndaşların yaşadıqları ərazilərdə idman qurğularının, minifutbol meydançalarının və idman zallarının inşa edilməsi, inventarlaşma ilə bağlı çətinliklər və digər məsələlərlə bağlı olub. Bundan başqa, gənclərin işğaldan azad olunmuş ərazilərə ekskursiyası məsələsi gündəmə gətirilib. Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, vətəndaş qəbulu çərçivəsində Nazirliyin rəhbər və nümayəndə heyətinin növbəti səfəri yanvarın 29-da Şərur rayonuna olacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti