Yeniyetmələr (2007-2009-cu illər) arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika turniri keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda Naxçıvan şəhəri və bölgələrdən ümumilikdə 80-dən çox idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkil etdiyi turnirdə idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.
Nəticələrə gəlincə, Məhəmməd Hümbətov, Suat Məmmədov, Tuqay Qəhrəmanlı, Məhəmməd İsmayılov, Namiq Əlizadə, Eldar Abdullayev, Əmrə Ağayev, Tayson Xudadanov, Tofiq Yusifov və Süleyman Məmmədov öz çəki dərəcələrində birinci olublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti