Gənclər üçün memarlıqla bağlı seminar keçirilib

Naxçıvan şəhərində “Memarlıq və Şəhərsalma İli” ilə əlaqədar gənclər üçün “Davamlı inkişaf naminə memarlıq: ənənədən gələcəyə” mövzusunda seminar keçirilib.
Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tədbirin məqsədi gənclərin memarlıq və şəhərsalma sahəsinə marağını artırmaq, onları regionun zəngin memarlıq irsi ilə tanış etmək, ənənəvi memarlıq dəyərlərinin müasir şəhərsalma prinsipləri ilə əlaqəsini izah etmək olub.
Seminar Naxçıvan Dövlət Universitetinin müəllimi Anar Sadiqov tərəfindən aparılıb. Gənclərə milli memarlıq irsinin xüsusiyyətləri, müasir şəhərsalma və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Həmçinin memarlıq sahəsinin bir sıra incəlikləri, memarlıq nümunələrinin qorunması və davamlı inkişaf baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
İştirakçılara mövzu ilə bağlı nəzəri məlumatlarla yanaşı, praktiki nümunələr də təqdim olunub, gənclərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Seminarın sonunda iştirakçılar Memar Əcəmi Naxçıvaninin heykəli önündə xatirə fotosu çəkdiriblər.