Gənclər üçün qrafik dizayn üzrə vebinar keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin şəxsi inkişafı və karyera planlamasına xidmət edən “Satışa aparan dizayn” mövzusunda vebinar təşkil olunub.
LA Academy-nin təlimçisi Elvin Əhmədov tərəfindən keçirilən vebinarda qrafik dizaynın satış prosesində rolu, məhsul və xidmətlərin vizual təqdimatının effektivliyinin artırılması barədə iştirakçılara məlumat verilib.
Təlim zamanı satış yönümlü dizaynın əsas prinsipləri, müştərinin diqqətini cəlb edən vizualların hazırlanması, dizaynda rəng, kompozisiya və təqdimat üsullarından düzgün istifadə, həmçinin vizual materialların satış prosesinə təsiri barədə ətraflı danışılıb.
Vebinarda, həmçinin süni intellekt texnologiyalarının dizayn sahəsində yaratdığı imkanlar diqqətə çatdırılıb. Süni intellekt alətləri vasitəsilə ideyaların formalaşdırılması, vizual konsepsiyaların hazırlanması, dizayn prosesinin sürətləndirilməsi və müxtəlif alternativlərin yaradılması zamanı düzgün və məqsədyönlü istifadəsi barədə məlumat verilib.