Gənclər Babək şəhərində şəhid ailələrini ziyarət edib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı, Babək Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Babək şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. “Konstitusiya və Suverenlik İli”, o cümlədən Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü ilə əlaqədar təşkil olunan görüşdə iştirakçılar şəhidlərimiz Hacıyev Şükür Bayram oğlu, Ramazanov Rasim İsmayıl oğlu və Novruzlu Ümid Bahadur oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, o cümlədən şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Nazirliyin gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva və İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asif Hacıyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, Vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir. Tədbir iştirakçıları şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.