Gənclərə Yeni Azərbaycan Partiyasının 31 illiyində partiya vəsiqələri təqdim olunub

 

Culfa Rayon Mədəniyyət Evində ölkə başçısı İlham Əliyevin Azərbaycan Prezident seçilməsinin 20-ci ildönümü və Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Dövlət qurumlarının, rayon ictimaiyyətin nümayəndələri, partiya mənsubları, gənclərin iştirakı ilə gerçəkləşən tədbirdə rəsmilərin çıxışları dinlənilib, partiya sıralarına qoşulmaq üçün müraciət etmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib, konsert proqramı və gənclərin rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.

Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısı vəzifələrini müvəqqəti icra edən Sara Hüseynova, YAP Culfa Rayon Təşkilatının sədri, Ali Məclisin deputatı Qadir İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti və inkişaf tarixi, ümummilli lider Heydər Əliyev və layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan çoxsaylı uğurları barədə danışıblar. Qeyd olunub ki, YAP-nın keçdiyi yolda əldə olunan qələbələrin kökündə Heydər Əliyev faktoru, onun tərəfindən müəyyənləşdirilmiş strategiya dayanır. Partiya yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırması, dövlətçiliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. Ümummilli liderin Yeni Azərbaycan Partiyasında formalaşdırdığı dövlətçilik ənənələri və dərin uzaqgörənliyi ilə müəyyənləşdirdiyi gələcək istiqamətlərin Qarabağda qazanılan möhtəşəm Zəfərlə bağlılığı xüsusi vurğulanıb. Dahi şəxsiyyətin vəsiyyətlərini, dövlətçilik yolunu əsas fəaliyyət istiqaməti kimi dəyərləndirən və özünəməxsus strategiyası ilə şaxələndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti ilə ölkəsi, xalqı qarşısındakı misilsiz xidmətləri barədə fikirlər səsləndirilib.

Natiqlər partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edib, üzvlük üçün müraciət etmiş gənclərə vəsiqə və hədiyyələr təqdim ediblər.

Nazirlik və İcra Hakimiyyənin birgə təşkilatçılığı ilə keçirilən tədbir Mədəniyyət Sarayının “Çeşmə” instrumental ansamblının təqdimatında konsert proqramı ilə yekunlaşıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti