Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə könüllü gənclər üçün “Rəqəmsal bacarıqlar və media savadlılığı” mövzusunda təlim keçirilib. Təlimdə ümumilikdə 26 könüllü gənc iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən nazirliyin əməkdaşı Azadə Əliyeva təlimin əhəmiyyəti barədə fikirlər səsləndirib, gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasının müasir dövrdə vacibliyini vurğulayıb.
Təlim rəqəmsal marketinq mütəxəssisi Aslan Səfərov tərəfindən keçilib. İştirakçılara sosial media hesablarının təhlükəsizliyi, iki faktorlu doğrulama sistemi, şəxsi məlumatların qorunması və rəqəmsal etiket qaydaları barədə məlumat verilib. Eyni zamanda gənclərə rəqəmsal ayaq izi, onlayn davranışların izlənməsi, fişinq hücumları, sosial mühəndislik üsulları və şifrəsiz Wi-Fi şəbəkələrinin yaratdığı risklər izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, praktiki tövsiyələr verilib. Təlimin məqsədi gənclərin rəqəmsal təhlükəsizlik biliklərini artırmaq, media savadlılığını inkişaf etdirmək və onların müasir informasiya mühitində daha hazırlıqlı olmalarına dəstək verməkdən ibarət olub.