Sentyabrın 26-sı Naxçıvan şəhərində “Zəfərin şahidləri” layihəsi çərçivəsində könüllü gənclərin və idmançıların qazilərlə görüşü təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planına əsasən təşkil olunan tədbir şəhidlərimizin əziz xatirəsinin yad olunması, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi, o cümlədən qazilərimizin timsalında əsgər və zabitlərimizin döyüş yolunun öyrənilməsi məqsədi daşıyıb.
Tədbirdə qeyd olunub ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və qəhrəman övladlarımızın fədakarlığının parlaq nümunəsi oldu. 44 günlük müharibədə əldə olunan Zəfər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin, eyni zamanda xalq-ordu birliyinin nəticəsidir.
Tədbirdə iştirak edən qazilərimiz Vidadi Məmmədov, Pərviz Muradov, Seymur Məmmədov və İlkin Baxşəliyev də şəhidlərimizin anıldığı və böyük Qələbəyə aparan 27 sentyabr tarixinin zehnlərində dərin iz buraxdığını, bu əlamətdar günün gənclərə vətənə bağlılıq, dövlətə sədaqət, mübarizlik və fədakarlıq kimi ali dəyərləri aşılamaq baxımından mühüm əhəmiyyəti olduğunu ifadə ediblər. Mövzu ilə bağlı iştirakçıların da fikirləri dinlənilib, şəhidlərin həyatı və döyüş yolunun öyrənilməsi, gələcək nəsillərə ötürülməsinin vacibliyi önə çəkilib, bu baxımdan müxtəlif ideyalar ətrafında müzakirələr aparılıb.
Sonra iştirakçılar Naxçıvan şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, Vətən uğrunda canından keçmiş qəhrəmanların ruhuna ehtiramlarını nümayiş etdiriblər.