Gənclərin kitab müzakirəsində budəfəki mövzu “Dəli Kür” romanı olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı əsasında gənclər üçün kitab müzakirəsi təşkil edilib. Naxçıvan şəhərində reallaşan tədbirdə müzakirə mövzusu xalq yazıçısı İsmayıl Şıxlının klassik əsərlərindən biri olan “Dəli Kür” romanı olub.

Tədbirə ekspert qismində dəvət olunan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədov “Dəli Kür” romanının ideya-bədii xüsusiyyətləri, əsərdə əks olunan sosial-ictimai mühit, obrazlar sistemi, milli-mənəvi dəyərlərin təqdim olunma formaları barədə fikirlərini bölüşüb. 

Elxan Məmmədovun təklifi əsasında İsmayıl Şıxlının övladları — tanınmış publisist Elçin Şıxlı və Fərrux Şıxlınski ilə görüntülü bağlantı yaradılıb. Canlı bağlantı zamanı onlar müəllifin şəxsi yaradıcılıq dünyası ilə bağlı xatirələrini bölüşüb, könüllü gənclərin ünvanladıqları sualları cavablandırıblar.

Gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, milli ədəbi irsin təbliği məqsədilə təşkil olunan tədbir interaktiv formada davam edib, iştirakçıların fikirləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.