Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Süni intellekt və gənclərin peşə seçimi: gələcəyin iş dünyası” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə aidiyyəti qurumların əməkdaşları və könüllü gənclər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Azadə Əliyeva mövzunun əhəmiyyəti və aktuallığını önə çəkərək bildirib ki, müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarına, peşə istiqamətlərinə və insan kapitalının formalaşmasına birbaşa təsir göstərir. Qeyd olunub ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” haqqında müvafiq Sərəncam ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi və süni intellekt həllərinin geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sunay Babayev süni intellektin mahiyyəti, tətbiq sahələri və qlobal trendlər barədə ətraflı məlumat verib. Bildirilib ki, artıq əmək bazarında ənənəvi ixtisaslarla yanaşı, data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik, rəqəmsal layihə idarəçiliyi kimi sahələrə tələbat sürətlə artır. Gənclərin bu istiqamətlərdə bilik və bacarıqlar əldə etməsi onların gələcək karyera imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Aqşin Kamilli isə əmək bazarında baş verən dəyişikliklərdən danışıb. Qeyd olunub ki, süni intellekt bir sıra ənənəvi peşələri transformasiya etsə də, eyni zamanda yeni iş yerlərinin yaranmasına səbəb olur. Gələcəyin iş dünyasında uğur qazanmaq üçün gənclər texnoloji savadlılıq, analitik baxış, yaradıcı düşüncə və dəyişən şərtlərə uyğunlaşma qabiliyyətini ön plana çıxarmalıdırlar.
Çıxışlarda vurğulanıb ki, dövlət tərəfindən həyata keçirilən strategiyalar və məşğulluq proqramları gənclərin rəqəmsal bacarıqlarının inkişafına, innovativ düşüncənin formalaşdırılmasına və əmək bazarına daha çevik inteqrasiyasına xidmət edir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların