Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçirilib. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib.
Əməkdar məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışda öz qüvvəsini sınayıb. Həmin atletlərdən ən təcrübəlisi, zədəsini yenicə sağaldan Həsən Babayev 15-17 yaş kateqoriyasında 96 kq çəki dərəcəsi üzrə körpücük üzərinə çıxıb. İdmançı toplamda 239 kq nəticə göstərərək bürünc medalçı olub.
Digər Naxçıvan idmançıları kiçikyaşlı yeniyetmələr arasında çıxış edib. 61 kq çəki dərəcəsində mübarizə aparan Fəxrəddin Allahverdiyev (147 kq) birinci, Məhərrəm Qurbanlı (115 kq) isə üçüncü yerə sahib çıxıb. Yarışın ən yüngül çəkili atleti olan Ümid Hüseynov (33 kü) isə 49 kq çəki dərəcəsində toplamda 77 kq nəticə ilə dördüncü olub.
Qeyd edək ki, Fəxrəddin və Ümid yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasına dəvət olunublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti