Könüllü gənclər Naxçıvanda aksiya keçirib

Naxçıvan şəhərində 22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə “Yaşıl dünya könüllüləri”nin həmrəylik yürüşü keçirilib. Bu aksiya cəmiyyətin təbiətə münasibətinə, ümumilikdə ekosistemin qorunmasındakı roluna diqqət çəkmək, məlumatlandırma və maarifləndirmə məqsədlərinə xidmət edir. 

 “Yaşıl dünya naminə həmrəylik ili”nə də töhfə vermək istəyində olan gənclər aksiyaya Heydər Əliyev Muzeyinin önündən başlayıblar. Onlar ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə ilə bağlı məlumatlandırıcı və təşviqedici plakatlarla Zəfər Parkınadək irəliləyiblər. Hərəkət marşrutunun sonunda könüllülərin müraciət mətni oxunub. Müraciətdə qeyd olunur: “Muxtar respublikamızın yaşıllaşdırılmasında, abadlaşdırılmasında fəal iştirak etməli, doğma diyarımızın təbii  sərvətlərini, tarixi abidələrimizi qorumalı, gələcəyimizin təminatçısı kimi təbiətimizə sahib çıxmalı, onu zərərli tullantılardan, çirklənmələrdən mühafizə etməliyik. Bununla yanaşı ətraf mühitin mühafizəsini hər kəsə aşılamalıyıq”.

 Qeyd edək ki, gənclərdən təşkil olunmuş “Yaşıl dünya könüllüləri” könüllü qrupu Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə bu ilin mart ayında yaradılıb. Könüllülərin əsas missiyası  ekologiya sahəsində yeni təcrübələr qazanmaq, insanları sağlam və ekoloji təmiz həyata təşviq etməkdir.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti