Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq könüllü gənclərin şəxsi və intellektual inkişafı, vətənpərvərlik ruhunun gücləndirilməsi, asudə vaxtının səmərəli təşkili, o cümlədən fəaliyyətin qiymətləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçiririr.
Könüllülər Günü ilə əlaqədar keçirilən növbəti tədbir noyabrın 4-də Naxçıvan şəhərində reallaşıb. Gənclər və İdman Nazirliyində könüllülər arasında “Vətəni tanı!” intellektual oyunu keçirilib. Oyunun qaydalarına əsasən inzibati ərazi vahidlərini əks etdirən vektorial hissəcikləri xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Oyunun qalibi Taleh Hüseynli olub. Caner Quliyev ikinci, Qabil Paşayev isə üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, Beynəlxalq Könüllülər Günü ilə bağlı yarışmalarda yer tutan, o cümlədən il ərzində fərqlənən könüllü gənclər dekabrın 5-də keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.