Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Kəngərli Rayon İcra Hakimiyyətinin akt zalında rayonun sakinləri ilə görüşüb. Görüşdə nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsi və aidiyyəti təşkilatların nümayəndələri də iştirak edib.
İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qonaqları və iştirakçıları salamlayaraq rayonun gənclik mühiti və idman həyatındakı mövcud vəziyyətdən danışıb, görüşün bu sahədə fəaliyyət göstərən vətəndaşlar üçün, eyni zamanda ümumi inkişaf baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. Məcid Seyidov Kəngərli rayonunda gənclərin aktivliyi, əhalinin idmana marağının yüksək olmasının bölgədə bir sıra yeniliklərin tətbiqi üçün əsaslı zəmin yaratdığını deyib, dövlət gənclər və idman siyasəti çərçivəsində görülən, eyni zamanda gələcək perspektivdə planlaşdırılan işlər barədə danışıb. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda gənclərin şəxsi inkişafına, əhalinin sağlam həyat tərzinə istiqamətləndirilməsinə, eləcə də infrastrukturun yaxşılaşdırılmasına hədəflənmiş layihələr, o cümlədən bu istiqamətdə atılan ilkin addımlar barədə məlumat diqqətə çatdırıb.
Sonra qəbul üçün müraciət etmiş vətəndaşlar problem və təkliflərlə bağlı fikirlərini diqqətə çatdırıblar. Müraciətlər əsasən, vətəndaşların yaşadıqları ərazilərdə idman qurğularının inşa edilməsi, huquqi-təşkilati çatışmazlıqlar və digər məsələlərlə bağlı olub. Vətəndaşlar dinlənilib və müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi məsələlərin həlli istiqamətində Kamal Ələkbərovla birgə məsləhətləşmələr aparılıb, birgə əməkdaşlıq müstəvisində görüləcək işlər gözdən keçirilib. Digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Qeyd edək ki, vətəndaş qəbulu proseduru ay sonunadək muxtar respublikanın digər bölgələrini də əhatə edəcək. Nazirliyin rəhbər və nümayəndə heyəti bu məqsədlə yanvarın 18-də Babək rayonuna, bir gün sonra isə Sədərəyə səfər edəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti