Karyera sərgisində Gənclər və İdman Nazirliyinə 145 müraciət daxil olub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə Karyera sərgisi keçirilir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, universitetin rektoru Elbrus İsayev, qurumların rəhbərləri və nümayəndələri sərgidə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 4-ü dövlət qulluğunun inzibati vəzifəsi, 21-i qeyri-dövlət qulluğunu əhatə etməklə, sərgiyə 25 vakansiya çıxarıb.  İştirakçılar tərəfindən ümumilikdə 145 müraciət daxil olub, 26 CV təqdim edilib. Müraciətçilər nazirliyin fəaliyyət istiqamətlərini özündə əks etdirən broşürlərlə, o cümlədən vakansiyalarla bağlı məlumatla tanış olub, məsul əməkdaşlarımız tərəfindən onları maraqlandıran məsələlələr ətrafında geniş şəkildə məlumatlandırılıblar. Sərgi yekunlaşdıqdan sonra müraciətlər daha geniş təhlil olunaraq qanunvericiliyin tələbləri əsasında müvafiq prosedurlar icra olunacaqdır.

Qeyd edək ki, NDU-da reallaşan sərgidə 2000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim edilib. Məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 32 dövlət qurumu və 8 özəl şirkət müxtəlif ixtisaslar üzrə vakansiya və təcrübə proqramları təqdim ediblər. O cümlədən Naxçıvan Dövlət Universiteti tərəfindən 48 vakant yer iştirakçılara təklif edilir. Bir neçə gün davam edəcək karyera sərgisində bu gün 4000-dən çox gəncin müraciəti qeydə alınıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti