Bakı Boks Mərkəzində kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turniri keçirilib. Martın 24-dən 28-dək davam edən turnirə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmalarından 121 idmançı qatılıb. Medallar uğrunda mübarizədə millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc mükafatla komanda hesabında ikinci olub.
Naxçıvan Boks Federasiyasının idmançısı Lalə Namazlı milli komandamızının heyətində 63 kq çəki dərəcəsi üzrə çıxış edib. Bununla da şərurlu idmançı karyerasında ilk beynəlxalq turnir həyəcanı yaşayıb. O, finalda italiyalı Canfora Assuntaya məğlub olduğundan yarışı gümüş medalla tamamlayıb.
Milli komandanın tanınmış üzvü, Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev (63,5 kq) isə həlledici görüşdə Abdullah Madaminovu (Özbəkistan) üstələyərək turnirin qızıl medalına yiyələnib.
Qeyd edək ki, final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti