Müasir gənclik modelinə milli mənəvi dəyərlərə bağlılıq aspektindən baxılır

Naxçıvanda keçirilən “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı seminarı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidovun mövzu ilə bağlı mühazirəsi dinlənilib.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını və gənclərimizi milli-mənəvi dəyərlər, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə etdiyini diqqətə çatdıran nazir müavini deyib ki, Heydər Əliyev siyasi fəaliyyətin ilk dövrlərindən etibarən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək böyük siyasi ustalıqla xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirmiş, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı, habelə Azərbaycan xalqının milli kimliyi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir.

Məcid Seyidov əlavə edib ki, “Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi olaraq həyata keçirdiyimiz işlərin böyük bir qismində vətənpərvərlik amilinə, azərbaycançılıq məfkurəsi, milli dəyərlərin qorunması və gənclərə aşılanmasına xüsusi diqqət yetiririk. Milli şüurun, milli özünüdərkin formalaşmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətinin, çoxəsrlik tariximizin, mədəniyyətimizin gənclər arasında öyrənilməsi ilə müxtəlif konseptdə tədbirlər həyata keçiririk. Bütün bunlar dövlət gənclər siyasəti ilə sıx bağlıdır və bu xüsusda müasir gənclik modelinə milli mənəvi dəyərlərə bağlılıq aspektindən baxılır”.