Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Şərur şəhərində vətəndaşların müraciətlərinə baxılıb.
Qəbuldan öncə Məcid Seyidov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb. Ardınca kollektiv Vətən uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib.
Qəbul zamanı vətəndaşların fikir, təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, işə qəbul, mövcud idman bölmələrində şəraitin yaxşılaşdırılması, o cümlədən Naxçıvandakı idman federasiyaların ləğvindən sonra yaranmış çətinliklərlə bağlı dəstək göstərilməsi kimi məsələləri əhatə edib. Müraciətlər yerində nəzərdən keçirilib, müvafiq tövsiyələr və əsaslandırmalar diqqətə çatdırılıb. Nazirliyin səlahiyyəti daxilində və ya birbaşa aidiyyatı olmayan məsələlərin müvafiq qurumlara yönləndirilməsi məqsədəuyğun hesab olunub.
Nazir müavini əlavə edib ki, nazirlik aidiyyəti qurumlarla birgə regionlarda bədən tərbiyəsi və idmanın təbliği, inkişafı istiqamətində işlərini davam etdirir. Şərur rayonu muxtar respublika üzrə ən yaxşı idman infrastrukturuna malik bölgədir. Bu amil rayonun idman mühitinə daim öz müsbət təsirini göstərir. Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq açıq hava idman qurğularına malik bölgələr arasında Şərur da var. Artıq inşasına başlanılan və cari ilin sonunadək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulan idman qurğuları sağlam həyat tərzinin təşviqinə xidmət edir.