Naxçıvan Muxtar Respublikasında dövlət idman siyasətinin icrası istiqamətində məqsədyönlü və ardıcıl işlər görülür. Məşqçi, hakim və idmançıların peşəkar inkişafı, maddi-texniki imkanların artırılması, sağlam həyat tərzinə təşviq, kütləvilik və digər vacib məqamlar diqqətdə saxlanılır. İdman bölmələri və klubların fəaliyyətilə yerində görüşlər keçirilir, qanunvericilik çərçivəsində dəstək mexanizmləri icra olunur.
Avqustun 24-də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov Naxçıvan Muxtar Respublika Stadionunda “Araz-Naxçıvan” Futbol Klubunun U-13 və U-14 yaş qruplarının idmançıları ilə görüşüb, onların məşq prosesini izləyib.
Məşq zamanı nümayiş etdirilən oyun bacarıqlarını izləyən nazir müavini uşaqlarla səmimi söhbət edib, onların futbol sahəsində qarşıya qoyduqları məqsədləri və gələcək arzularını dinləyib.
Söhbət zamanı gənc yaşlarından idmanla məşğul olmağın sağlam həyat tərzinin formalaşmasında, fiziki hazırlığın və intizamın artırılmasında mühüm rolu vurğulanıb. Qeyd olunub ki, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, onların asudə vaxtlarının səmərəli təşkili və istedadlı idmançıların üzə çıxarılması istiqamətində mütəmadi tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Nazir müavini gənc futbolçulara məşqlərdə əzmkarlıq göstərməyi, qarşıya qoyduqları məqsədlərə çatmaq üçün səylə çalışmağı tövsiyə edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Peşəkar futbolçu kimi yetişmək üçün məşqçi-müəllimlər tərəfindən verilən tapşırıqların vaxtında icrasının vacib əhəmiyyətini vurğulayıb.
Sonda nazir müavini idmançılarla birgə xatirə fotosu çəkdirib.