Məcid Seyidov “Naxçıvan” Kikboksinq Klubunun fəaliyyəti ilə tanış olub

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Naxçıvan şəhərində fəaliyyət göstərən “Naxçıvan” Kikboksinq Klubunu ziyarət edib, məşqçi və idmançılarla görüş keçirib.

Görüş zamanı nazir müavininə məlumat verərilib ki, klub 2004-cü ildən fəaliyyət göstərir. Bu müddət ərzində klubun idmançıları arasında dünya çempionları yetişib, beynəlxalq arenalarda yüksək nəticələr əldə olunub. Hazırda klubda 2 qrupda 40-dan çox idmançı məşqlərdə iştirak edir. Məşqçi Natiq Yaqubov son dövrlərdə qazanılan uğurlara da toxunaraq qeyd edib ki, kikboksinq üzrə “Şuşa Kuboku” turnirində Uğur Nurməmmədli birinci, Türkiyədə keçirilən beynəlxalq turnirdə isə Onur Qafarov birinci, Mərdan Nağılı isə ikinci yerə sahib çıxmaqla uğur qazanıblar.

Məcid Seyidov görüş zamanı bildirib ki, dövlət tərəfindən yaradılan maddi-texniki baza, müasir idman infrastrukturu, məqşçi və idmançılara göstərilən davamlı dəstək nəticəsində son illər döyüş idman növləri üzrə nailiyyətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Nazir müavini idmançıların hazırlıq prosesi ilə maraqlanaraq əldə olunan nailiyyətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin davam etdiriləcəyini bildirib.