Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Kəngərli Rayon İcra Hakimiyyətinin akt zalında rayonun sakinləri ilə görüşüb. Görüşdə nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin və aidiyyəti təşkilatların nümayəndələri də iştirak edib.
Qəbul proseduruna başlamazdan öncə Məcid Seyidov iştirakçıları salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyində həyata keçirilən dövlət gənclər və idman siyasəti haqqında danışıb, bu xüsusda muxtar respublikada görülən işlər və mövcud perspektivlərlə bağlı fikirlərini diqqətə çatdırıb. Kəngərli rayonunda gənclərin aktivliyinin, əhalinin idmana marağının yüksək olmasının bölgədə bir sıra yeniliklərin tətbiqi üçün əsaslı zəmin yaratdığı vurğulanıb. İlin əvvəlindəki vətəndaş qəbulunu xatırladan nazir müavini həmin zaman ünvanlanan müraciətlərinin əksəriyyəti ilə bağlı konkret addımların atıldığını, bir qisminin də diqqətdə saxlanıldığını deyib. Məcid Seyidov gələcək perspektivdə planlaşdırılan işlər barədə danışıb, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş idman infrastrukturu layihələrinin Kəngərli rayonunu da əhatə edəcəyini bildirib.
Sonra qəbul üçün müraciət etmiş vətəndaşlar fikirlərini diqqətə çatdırıblar. Müraciətlər əsasən, kəndlərdə futbol meydançalarının salınması, sahibkarlıq fəaliyyəti və bu sahədə huquqi-təşkilati dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşlar dinlənilib, müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb, tövsiyələr verilib. İdmana investisiya qoymaq istəyən müraciətçilərin fikirləri nazir müavini tərəfindən müsbət qarşılanıb, əhalinin sağlam həyat tərzinə cəlbi, eyni zamanda sahibkarlıq fəaliyyətinin inkişafı baxımından yüksək qiymətləndirilib. Müraciətçilərdən Sərvin Heydərov göstərilən diqqətə görə təşəkkür edib, rayonda keçirilmiş minifutbol turnirindən xatirə fotosunu Məcid Seyidova təqdim edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti