Məcid Seyidov Kəngərlidə idman zalının fəaliyyəti ilə tanış olub

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən “Dəmir yumruq” fitnes zalında idmançıları ziyarət edərək burada yaradılan şəraitlə yaxından tanış olub.
Göstərilən diqqətə görə minnətdarlığını bildirən məşqçi Həsən Nəcəfov məlumat verib ki, məkan 2022-ci ildən fəaliyyət göstərir. Hazırda burada 80-ə yaxın yeniyetmə və gənc fitnes və ağırlıqqaldırma ilə məşğul olur. Zal həftənin bütün günləri istifadəçilərin xidmətindədir.
Məcid Seyidov idman zallarının gənclərin sağlam həyat tərzinə cəlb olunmasında, onların fiziki və mənəvi inkişafında oynadığı rolu xüsusi vurğulayıb. O bildirib ki, muxtar respublikada idmana dövlət səviyyəsində göstərilən diqqət nəticəsində infrastruktur imkanları da genişləndirilməkdədir. Nazir müavini bu ilin sonunadək "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nə uyğun olaraq Qıvraq qəsəbəsində də açıq hava idman qurğularının quraşdırılacağını xatırladıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin ötən həftə Kəngərli rayonunda keçirdiyi vətəndaş qəbulunda Həsən Nəcəfov da iştirak edərək fəaliyyətinə dəstək göstərilməsini xahiş etmişdi.